box-img
UNEC İqtisadi Forumunun ikinci günü: “Postpandemiya dövründə elm və təhsil” və “İqtisadiyyatın rəqəmsal transformasiyası”
  • 02.12.21

AZƏRTAC xəbər verir ki, dekabrın 2-də forum çərçivəsində “Postpandemiya dövründə elm və təhsil” mövzusunda panel iclas keçirilib.

Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları, elm və təhsil üzrə xarici və yerli ekspertlər iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

UNEC-in rektoru professor Ədalət Muradov mövzunun aktuallığını vurğulayıb. Pandemiyanın elm və təhsilə baxışları dəyişdirdiyini və gələcəklə bağlı cavabı gözləyən çoxsaylı sualları ortaya qoyduğunu diqqətə çatdıran rektor böhranın ilk dövründə distant təhsilə keçidin yaranan problemləri aradan qaldıracağı düşüncəsini formalaşdırdığını bildirib: “Bütövlükdə təhsil sistemində atılan addım onu deməyə əsas verir ki, məsafədən təhsil həll yolu kimi qəbul edilmir. Məsafədən təhsilin davamlılığı təmin edilsə də, elmdə fərdiçiliyə sanki “yaşıl işıq” yandırıldı. Elmin gələcəyi ilə bağlı yeni elmi kommunikasiyalar və onların formaları ilə bağlı ciddi suallar var”. Rektor panellərdə bu sualların həlli istiqamətində müzakirələr aparılacağını, forumun ölkəmizin gələcək inkişafı ilə bağlı əhəmiyyət kəsb edən sualların cavablandırılması üçün platforma rolunu oynayacağını deyib. 

Sonra Nobel mükafatı laureatı, professor Əziz Səncər pandemiya dövrünün elm adamları üçün yaratdığı problemlərdən söz açıb. Həmin dövrdə tədqiqat qruplarının daim elmi axtarışlarda olduğunu deyən alim, işçilərin qapalı şəraitdə çalışdığını, psixoloji durumlarında ciddi problemlər yaşandığını deyib.

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev forumun dövlət müstəqilliyinin bərpasına və böyük Zəfərə həsr olunmasının özünəməxsus əhəmiyyəti olduğunu xüsusi vurğulayıb. Nazir ölkənin bundan sonrakı elm və təhsil sahəsində fəaliyyətinin məhz müstəqillik və zəfərlə bağlı olduğunu deyib. Postpandemiya dövründə təhsil sahəsində yaranan problemlərdən və onların həlli yollarından söz açan nazir elm və təhsil sahəsində dövlətin qərarvermə modeli üzərindən məsələyə yanaşıb. O, pandemiya dövründə verilən emosional və rasional qərarlar arasındakı fərqi təhlil edərək rasional qərarların daha ciddi dəlillərə əsaslandığını diqqətə çatdırıb. Nazir təhsil və elm siyasətinin qarşısında duran əsas məqsədin bu sahədə əlçatanlığın və keyfiyyətinin artırılması, müxtəlif sosial qruplardan olan insanlara bərabər imkanların yaradılması olduğunu bildirib. Təhsilin keyfiyyətinə yeni baxışın formalaşmasının vacibliyini diqqətə çatdıran E.Əmrullayev aidiyyəti dövlət və digər müstəqil qurumların keyfiyyətə nəzarət mexanizmlərinin olmasının labüdlüyünü bildirib. Nazir ali təhsilin keyfiyyətinin ölçülməsi meyarlarını da açıqlayıb: “Hazırda bir çox problemlərin həlli elmi tərəqqi və tədqiqatlardan asılıdır. Başa düşməliyik ki, resurslar məhduddur. Bu məhdudiyyətlə hansı sahələri necə inkişaf etdirməyi düşünməliyik. Prosesə bu gün başlamalıyıq ki, nəticəni 20-30 ildən sonra görə bilək. Bilik və bacarıq kafi şərtlərdir, əsas motivasiyadır. Pandemiya göstərdi ki, dünyada dəyər zəncirləri necə kövrəkdir”.

 Nazir pandemiya dövrünün önəmli məsələlərindən birinin də ayrı-ayrı sosial iqtisadi qrupların öyrənmə prosesinin monitorinq məsələsi olduğunu bildirib.   

Türkiyənin Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar pandemiyanın ali təhsil sahəsində yaratdığı təsirlərindən danışıb. Bu böhranın bütün sahələrdə olduğu kimi, təhsil sahəsində yeni vərdişlər yaratdığını, ali təhsil paradiqmasının dəyişməsinin qaçılmaz olduğunu deyib. Distant təhsilin alternativinin olmadığına və bir sıra çağırışlarla xarakterizə edildiyinə diqqət çəkən YÖK rəhbəri ali təhsildə insan amilinin dəyişməli olduğunu bildirib.

E.Özvar rəqəmsal informasiya cəmiyyəti və rəqəmsal iqtisadiyyatın tələblərindən də söz açıb: “Rəqəmsal transformasiya nəticəsində insan resurslarına tələblər dəyişib. Rəqəmsallaşma məşğulluq sahəsində də ciddi dəyişikliklər yaradıb. Ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyğun olaraq, rəqəmsal bacarıqların artırılmasına yönəldilən tədris proqramlarına daha çox üstünlük verməlidirlər”.

Almaniyanın Münhen Tədqiqat Universitetinin Təhsil İnstitutunun professoru Məsud Əfəndiyev ölkələrin inkişafında elm və təhsilin rolundan söz açıb. O, bəşəriyyətin gələcəyi üçün təhsilin, elmin və mədəniyyətin rolunun əvəzedilməz olduğunu, təhsil sistemində və tədris mühitində ən vacib faktorun tələbə olduğunu deyib: “Belə bir ana deyimi var ki, “Mən öyrəndiklərimin bir çox hissəsini müəllimlərdən, daha çoxunu həmkarlardan, ən çoxunu isə tələbələrdən öyrənmişəm”. Alim pandemiyanın yaratdığı yeni vərdişlərdən, süni intellekt və V Sənaye İnqilabının tələblərindən də danışıb.

Çıxışlardan sonra panel məruzəçiləri iştirakçıların suallarını cavablandırıblar.

Forum çərçivəsində UNEC alimlərinin müəllifi olduqları “Elektron ticarət və elektron ixracat”, “Sosial elmlərdə tədqiqat metodları”, “Rəqəmsal marketinq və sosial media” kitablarının təqdimatı olub. Bildirilib ki, “SABAH Magistratura” layihəsi çərçivəsində yazılan və tədris prosesində istifadə olunacaq “Rəqəmsal marketinq və sosial media” və “Elektron ticarət və elektron ixracat” dərslikləri Azərbaycan dilində hazırlanmış ilk ədəbiyyatdır. Kitabın əsas özəllikləri onların yerli, beynəlxalq özəl sektor və akademik bazaya aid bir çox xüsusiyyəti özündə əks etdirməsidir.

Forumda UNEC ilə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

UNEC-in rektoru professor Ədalət Muradov ilə T.Şevçenko adına Kiyev Milli Universitetinin rektoru professor Vladimir Buqrov arasında imzalanan müqavilədə birgə elmi-tədqiqat təcrübəsi və araşdırmaların aparılması, bakalavr, magistratura və doktorantura proqramlarının hazırlanması, tələbə və akademik heyət mübadiləsinin genişləndirilməsi və inkişaf etdirilməsi, birgə elmi nəşrlər hazırlanması və mübadiləsi nəzərdə tutulub.

Sonra “SPRİNGER” nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Kristian Rausçerin tədqiqatçılarla görüşü keçirilib.

 Forum Holon Texnologiya İnstitutunun (H.I.T) Kiber şöbəsinin rəhbəri  Harel Menaşrinin moderatorluğu ilə keçirilən “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar” mövzusunda panel iclasla davam edib.

Paneldə çıxış edən Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev forumda müzakirə olunan mövzuların Prezident  İlham Əliyevin ölkəmizin 2030-cu ilədək inkişaf istiqamətləri ilə bağlı müəyyən etdiyi Milli Prioritetlərdən irəli gələn məsələlərin effektiv icrası üçün mühüm platforma olduğunu deyib. Nazir Azərbaycanda rəqəmsal transformasiyanın səmərəliliyinin təmin olunmasından və rəqəmsallaşmanın iqtisadi inkişafa verəcəyi töhfələrdən söz açıb: “Cəmiyyətin inkişafını təmin edən yeganə vasitə innovasiya və texnologiyaların inkişafıdır. Azərbaycanda belə bir cəmiyyətin qurulması əsas hədəflərdəndir və bu istiqamətdə məqsədyönlü addımlar atılır. Reallıq odur ki, bu gün Azərbaycan iqtisadiyyatı təbii resurslardan hələ də asılıdır. Qarşımızda duran əsas məsələ rəqəmsal transformasiyadan maksimum istifadə edərək zaman kəsiyini qısaltmaqdan ibarətdir. Bu vizyonu həyata keçirmək üçün həmin ekosistem yaradılmalıdır. Bu yol isə yalnız qanunun aliliyindən, sağlam fəaliyyət göstərən hökumətin mövcudluğundan, sabit infrastrukturun yaradılmasından keçir. Bunlar təmin edildikdən sonra ölkədə birmənalı şəkildə elmin və təhsilin inkişafına daha çox diqqət ayıra bilərik”.

Sonra Türkiyənin əmək və sosial təminat nazirinin müavini Lütfi Alpkan rəqəmsal transformasiyanın iş dünyasında tətbiqindən danışıb. Süni intellektin, rəqəmsal transformasiyanın üstünlüklərinə, eləcə də yaratdığı problemlərə toxunan nazir müavini trendləri də açıqlayıb. O, dünyanın böyük dövlətlərinin bu istiqamətdə təcrübəsini paylaşaraq müqayisəli təhlillər aparıb.

Kanadanın Engeland İnstitutunun həmtəsisçisi, baş əməliyyat direktoru Danel Kerimi texnologiyalardakı çatışmazlıqlar, eləcə də texnoloji tullantıların səmərəli istehsalı barədə ətraflı məlumat verib.

BP-nin Sistem arxitekturası üzrə rəhbəri Qaret Key isə smart texnologiyalar və onların neft və qaz sənayesindəki tətbiqindən danışıb.

UNEC İqtisadi Forumu dekabrın 3-də öz işini davam etdirəcək.