box-img
UNEC İqtisadi Forumu çərçivəsində “Post-pandemiya dövründə yeni biznes modellərinin təşviqi: yeni çağırışlara uyğunlaşma” mövzusunda panel müzakirələr təşkil olunub
  • Bakı
  • 02.12.21

Dekabrın 1-dən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə keçirilən UNEC İqtisadi Forumu 2021 davam edir.

Forumun üçüncü günündə təşkil olunmuş “Post-pandemiya dövründə yeni biznes modellərinin təşviqi: yeni çağırışlara uyğunlaşma” mövzusunda paneldə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da çıxış edib. Qeyd edilib ki, qlobal COVİD-19 pandemiyası bir sıra neqativ iqtisadi və sosial təsirlərə malik olmaqla, öz növbəsində yeni reallıqlar yaradıb. İqtisadiyyatların dayanıqlığının gücləndirilməsi, gözlənilməz şoklara qarşı hazırlıq səviyyəsinin artırılması, müasir və innovativ texnologiyalara əsaslanan biznes mühitinin inkişaf etdirilməsi prioritet məsələlərə çevrilib. Bu baxımdan, mütəxəssislərin rəyinə əsasən avtomatlaşma, rəqəmsallaşma, süni intellekt və yaşıl inkişaf qarşıdakı onilliklərdə qlobal iqtisadi landşaftı müəyyənləşdirəcək meyllərdəndir. Biznes modellərinin transformasiyası post-COVİD dövründə bizneslər və ümumilikdə cəmiyyət üçün yeni dəyərlərin yaradılması baxımından əhəmiyyətli olacaqdır. Dövlət-özəl sektor tərəfdaşlığı və klasterləşmə yeni çağırışlara uyğun iqtisadi transformasiya gündəliyinin reallaşdırılması üzrə özəl sektoru cəlb etmək və resursları səfərbər etmək üçün əlverişli modellərdir. Bu biznes modellərin işğaldan azad edilmiş Qarabağın bərpası və ölkənin iqtisadi dəyər zəncirinə reinteqrasiyası proseslərində də tətbiq imkanları genişdir.

KOBİA sədri post-pandemiya dövründə yeni biznes modellərinin inkişafı məqsədilə Agentliyin öz fəaliyyətini bir neçə istiqamətdə qurmaqla müvafiq dəstək tədbirləri həyata keçirdiyini vurğulayıb, qurumun dəstək və xidmətləri barədə məlumat verib.