Dünən "Gülüstan" sarayında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və digər qurumların iştirakı ilə UNEC İqtisadi Forumu-2021 öz işinə başlayıb. Forum Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr edilib.
Devizi "Zəfər Yolu" olan Forumun iştirakçıları öncə Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın əziz xatirəsini ehtiramla yad ediblər, məzarları önünə əklil və gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ehtiram ifadə edilib, məzarları üzərinə güllər düzülüb.UNEC İqtisad Forumu çərçivəsində Qarabağ Dirçəliş Fondunun və UNEC Dizayn məktəbinin təşkil etdiyi rəsm sərgisinə baxış keçirilib. Forumun açılışında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
UNEC-in rektoru, Forumun sədri, professor Ədalət Muradov iştirakçıları salamlayaraq, forumun ilk görüşünün dünya şöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərlə gənc tədqiqatçıların görüşünə həsr edildiyini bildirib.
Əziz Səncərin gənc tədqiqatçılar, beynəlxalq olimpiada qalibləri, ali təhsil müəssisələrində təhsil alan, öz bilik və bacarıqları ilə seçilən şəhid övladları ilə öz tövsiyələrini bölüşəcəyini deyən rektor, alimin həyatından söz açıb, onu hər kəsə örnək olan şəxs kimi səciyyələndirib: "Əziz Səncərin bütün elm adamları üçün nümunə ola biləcək həyat və yaradıcılıq, elmi fəaliyyət və ictimai inkişaf yolu vardır. O, ilk türk kimi elm üzrə Nobel mükafatını almaqla Azərbaycan da daxil olmaqla, bütövlükdə Türk dünyasının dünya elminin zirvəsində təmsil olunmasını təmin edib". Forumun devizinin "Zəfər Yolu" olduğunu diqqətə çatdıran professor Ədalət Muradov bu gün hər bir azərbaycanlının ürəyinin qürurla döyündüyünü, Ali Baş Komandan İlham Əliyevin, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində xalqımızın 30 ildən çox işğal altında olan torpaqlarımızın azad edilməsinin xoşbəxtliyini yaşadığını deyib. Rektor ölkəmizin hərb meydanında əldə etdiyi zəfəri, elm sahəsində də əldə edəcəyini, forumun bu istiqamətdə mühüm töhfələr verəcəyini vurğulayıb.
Forumda çıxış edən dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərdən söz açıb: "Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı. Qarabağ qələbəsi asanlıqla qazanılmadı, çoxlu şəhidlər verdik. Bütün türk dünyası şəhidlərə minnətdardır. Azadlıq verilmir, azadlıq qazanılır. Kimsə başqa bir dövlətin torpağını işğal edərək uzun illər bunu dünyaya qəbul etdirə bilməz. Azərbaycanlı qardaşlarımız Qarabağı azad etməklə bütün dünyaya dərs verdilər".
Gənc alimlərlə tövsiyələrini bölüşən professor Əziz Səncər elmi fəaliyyətindən, Nobel mükafatı qazanılması yolundakı çalışmalarından bəhs edib. Alim bütün dünyada qız və oğlan uşaqlarına elm öyrədilməsinin, onlara erkən yaşlarından təcrübə aparmaq bacarıqlarını öyrətməyin vacibliyindən danışıb: "Dünya ilə yarışmaq üçün bumeranq yaratmalıyıq. Təməl bilik önəmlidir. Bundan başqa, qızlara da oğlanlarla bərabər, eyni təhsil fürsətləri verməliyik, erkən yaşlarda təcrübələrini reallaşdırmağa imkan yaratmalıyıq. Siyasət və elm bir-birindən fərqləndirilməlidir. Elm adamlarına imkanlar yaradılmalıdır. Elmlə məşğul olmağa başladıqda, bu şəxslərə azadlıq, müsqətillik verilməlidir, onlara "bunu et, onu et", deyilməməlidir".
Forum "Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar" mövzusuna həsr olunan Panel 1 çıxışları ilə davam edib.
Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən edilmiş mərhələləri, eləcə də Azərbaycanın bir sıra sosial-iqtisadi transformasiyaları əhatə edən və keçdiyi müstəqillik yolunu əks etdirəcək. Bundan əlavə, Forum aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda, təcrübəli sənaye xadimlərini bir araya gətirəcək və beləliklə, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə və müəyyən etmək üçün platforma təmin edəcək.
Forumda 5 panel - Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar, Post-pandemiya dövründə elm və təhsil, İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar, Post-pandemiya dövründə biznes transformasiyası, Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üzrə 30-dək spiker və moderatorun iştirakı ilə müzakirələr keçiriləcək. Bunlardan əlavə, forum müddətində tədbir iştirakçıları üçün 3 xüsusi görüş keçirilməsi də nəzərdə tutulub. Xüsusi görüşlərdən ilk 2 görüş forumun ilk günündə keçiriləcək. Panellərdə "Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar", "Post-pandemiya dövründə elm və təhsil", "İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar", "Post-pandemiya dövründə biznes transformasiyası", "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzularında müzakirələr olacaq.
Forum iştirakçılarının dekabrın 4-də Qarabağa səfər etməsi nəzərdə tutulub.
Qeyd edək ki, UNEC İqtisadi Forumu çərçivəsində Nobel mükafatı laureatı Əziz Səncərin alimlərlə görüşü keçirilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov bildirib ki, görüşdə Azərbaycanın gələcəyini təmin etmək gücündə olan gənc tədqiqatçılar, eləcə də yuxarı sinif şagirdləri arasında beynəlxalq olimpiada qalibləri və ali təhsil müəssisələrində bilik və bacarıqları ilə fərqlənən 50-ə yaxın şəhid övladı iştirak edir: "Bu gün hər bir azərbaycanlı özünü xoşbəxt hiss edir, bu xoşbəxtlik 30 il işğalda olan torpaqlarımızın azad edilməsi ilə bağlıdır. Qarabağın işğaldan azad edilməsi ilə elm və təhsil ön plana çıxır, bu məsuliyyəti anlayırıq. Bu səbəbdən ilk olaraq dünyaca məşhur olan alim, Nobel mükafatı laureatı Əziz Səncərin gənc elm adamları ilə görüşünü təşkil etmişik. Əziz Səncər təkcə elm adamı kimi yox, həm də şəxsiyyət kimi hamıya nümunədir. O, böyük zəhmət hesabına uğur qazanan, 500-dən çox elmi məqaləsi, 59 mindən çox elmi istinad edilən, həftədə 70 saat çalışan alimdir".
Daha sonra Əziz Səncər elmi təhlil və tövsiyələrini gənc alimlərlə bölüşüb. Alim deyib ki, bütün dünyada qız və oğlan uşaqlarına elm öyrədilməlidir: "Uşaqlara erkən yaşlardan təcrübə aparmağı öyrətmək lazımdır. Əhalisinin 80-90 faizi müsəlman olan ölkələrdə elm adamları dini dayanmadan tənqid etməməlidir, təəssüf ki, bəzən bu cür olur. Bunun nə elm adamlarına faydası var, nə dövlətə. Elm adamlarına onu et, bunu et demək olmaz, elmlə məşğul olan adam müstəqil olmalıdır, o, bütün həyatını elmə həsr edir və mütləq faydalı işlər görəcək".