Dekabrın 1-də Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu 2021 öz işinə başlayıb.
Devizi “Zəfər Yolu” olan Forumun iştirakçıları öncə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə Əliyevanın əziz xatirəsini ehtiramla yad ediblər, məzarları önünə əklil və gül dəstələri qoyublar. Sonra Şəhidlər xiyabanı ziyarət olunub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ehtiram ifadə edilib, məzarları üzərinə güllər düzülüb.
Gülüstan sarayında təşkil olunan UNEC İqtisad Forumu çərçivəsində Qarabağ Dirçəliş Fondunun və UNEC Dizayn məktəbinin təşkil etdiyi rəsm sərgisinə baxış keçirilb. Forumun açılşında Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.
UNEC-in rektoru, Forumun sədri professor Ədalət Muradov iştirakçıları salamlayaraq, forumun ilk görüşünün dünya şöhrətli alim, Nobel mükafatçısı Aziz Sancarla gənc tədqiqatçıların görüşünə həsr edildiyini bildirib. Aziz Sancarın gənc tədqiqatçılar, beynəlxalq olimpiada qalibləri, ali təhsil müəssisələrində təhsil alan, öz bilik bə bacarıqları ilə seçilən şəhid övladları ilə öz tövsiyələrini bölüşəcəyini deyən rektor, alimin həyatından söz açıb, onu hər kəsə örnək olan şəxs kimi səciyyələndirib.
Forumun devizinin “Zəfər Yol” olduğunu diqqətə çatdrıdan professor Ədalət Muradov bu gün hər bir azərbaycanlının ürəyinin qürurla döyündüyünü, Ali Baş Komandan cənab İlham Əliyevin, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində xalqımızın 30 ildən çox işğal altında olan torpaqlarımızın azad edilməsinin xoşbəxtliyini yaşadığını deyib. Rektor ölkəmizin hərb meydanında əldə etdiyi zəfəri, elm sahəsində də əldə edəcəyini, forumun bu istiqamətdə mühüm töhfələr verəcəyini vurğulayıb.
Forumda çıxış edən Nobel mükafatı laureatı, professor Aziz Sancar yenidən Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərdən söz açıb: “Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı. Qarabağ qələbəsi asanlıqla qazanılmadı, çoxlu şəhidlər verdik. Bütün türk dünyası şəhidlərə minnətdardır. Azadlıq verilmir, azadlıq qazanılır. Kimsə başqa bir dövlətin torpağını işğal edərək uzun illər bunu dünyaya qəbul etdirə bilməz. Azərbaycanlı qardaşlarımız Qarabağı azad etməklə bütün dünyaya dərs verdilər”.
Gənc alimlərlə tövsiyələrini bölüşən professor Aziz Sancar elmi fəaliyyətindən, Nobel mükafatı qazanılması yolundakı çalışmalarından bəhs edib. Alim bütün dünyada qız və oğlan uşaqlarına elm öyrədilməsinin, onlara erkən yaşlarından təcrübə aparmaq bacarıqlarını öyrətməyin vacibliyindən danışıb: “Dünya ilə yarışmaq üçün bumeranq yaratmalıyıq. Təməl bilik önəmlidir. Bundan başqa, qızlara da oğlanlarla bərabər eyni təhsil fürsətləri verməliyik, erkən yaşlarda təcrübələrini reallaşdırmağa imkan yaratmalıyıq. Siyasət və elm bir-birindən fərqləndirilməlidir. Elm adamlarına imkanlar yaradılmalıdır. Elmlə məşğul olmağa başladıqda, bu şəxslərə azadlıq, müsqətillik verilməlidir, onlara "bunu et, onu et", deyilməməlidir”.
Böyük maraqla qarşılanan çıxışdan sonra Aziz Sancar iştirakçıların suallarını cavablandırıb.
Forum “Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar” mövzusuna həsr olunan Panel 1 çıxışları ilə davam edib.